Ekvayrinq tacirin kart ödənişlərini qəbul etməsini təmin edən xidmətdir. Bu, mağazadakı POS terminaldan tacirin bank hesabına qədər olan bütün prosesi əhatə edir.
Prosesin iştirakçıları
- Ekvayer bank: tacirə ödəniş qəbulu xidmətini verir;
- Ödəniş sistemi: Visa və ya Mastercard kimi şəbəkə;
- Emitent bank: müştərinin kartını buraxan bank.
Addım-addım necə işləyir?
Müştəri kartı terminaldan keçirəndə əməliyyat bir neçə saniyə ərzində avtorizasiyadan keçir. Sistem balansı yoxlayır, təsdiq verir və məbləği bloklayır. Vəsait isə adətən növbəti iş günlərində tacirin hesabına oturur.
Komissiya necə formalaşır?
Tacirin ödədiyi komissiya bir neçə hissədən ibarətdir: emitent banka gedən interçeyn, ödəniş sisteminin haqqı və ekvayerin marjası. Bu komissiya sektor və dövriyyədən asılı olaraq dəyişir.
Tacir üçün nə vacibdir?
Ekvayrinq komissiyası xərc olsa da, kart ödənişlərinin qəbulu satışı artırır və nağd dövriyyəni azaldır. Tacir üçün hesablaşma sürəti və komissiya dərəcəsi seçimdə əsas meyarlardır.
Müəllif
Redaksiya